Haberler

Azərbaycan-Türkiyə əməkdaşlığı bir millət, iki dövlət prinsipinə əsaslanır

“Bütün sahələrdə inkişaf edən Azərbaycan-Türkiyə əməkdaşlığı bir millət, iki dövlət prinsipinə əsaslanır”.Bakıvaxtı.az xəbər verir ki, bunu Eskişehir vali müavini Salih Altun deyib.

Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi ənənəvi “Çərşənbə söhbəti”nin qonağı olan Salih Altun “İqtisadi kontekstdə Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda çıxış edib. O, Azərbaycanın müstəqillik qazandığı gündən indiyədək Türkiyə ilə əməkdaşlığından geniş bəhs edib.

Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə iki qardaş ölkə arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub, əməkdaşlıq sazişləri imzalanıb. S.Alfun bunlara misal olaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP layihəsinin əhəmiyyətini göstərib.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərindən də geniş bəhs edən S.Altunun sözlərinə görə, bu müharibə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bir daha bütün dünyaya göstərdi. Valinin müavini qeyd edib ki, Azərbaycan Ordusunun tarixi Zəfəri türk dünyasında sevinclə və qürurla qarşılandı.

Eyni zamanda, tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlardan, o cümlədən Zəngəzur dəhlizindən də bəhs edilib.

İki ölkə arasındakı münasibətlərin bütün aspektlərinə nəzər salan S.Altun qeyd edib ki, ötən ilin yayında imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqlik əlaqalərini düzənləyən tarixi bir sənəddir: “Ümumiyyətlə bu sənəd bir çox məqamlarına görə, tarixi və siyasi əhəmiyyətə malikdir. Türkiyə-Azərbaycan qardaşlığının sübutu olan bu Bəyannamə regionumuza sülh, sabitlik, iqtisadi inkişaf və tərəqqi vəd edir. Bu sənədin imzalanması ilə xalqlarımızın qardaşlıq bağlarına əsaslanan Türkiyə-Azəbaycan əlaqələrinin davamlı olacağı və daha da inkişaf edəcəyi bir daha dünyaya bəyan edildi”.

Tədbirin sonunda Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın tərəfindən Salih Altuna təşəkkürnamə və hədiyyə təqdim olunub.

Ramid İbrahimov

Kaynak: https://bakivaxti.az/az/posts/detail/azerbaycan-turkiye-emekdasligi-bir-millet-iki-dovlet-prinsipine-esaslanir-salih-altun-1647545367